Brüsseldə Ermənistan, Avroapa İttifaqı və ABŞ rəsmiləri arasında keçirilən üçtərəfli görüşdən sonra bölgəmizdə cərəyan edən proseslər bəzən gözləmədiyimiz istiqamətə yan almaqdadır. Buraya həm Ermənistanın sülh danışıqları ilə bağlı sərgilədiyi mövqelərdəki dəyişiklik, İrəvanla Moskva arasında yaşanan gərginliklər, həm də Cənubi Qafqazda artan Qərb–Rusiya qarşıdurması daxildir. Deputat Elşad Mirbəşirlə elə bu mövzular ətrafında danışdıq:
– Qərb və Avropanın Ermənistan üzərindən Azərbaycana qarşı yönələn geosiyasi təsirləri regionla bağlı hansı oyunlardan xəbər verir?
– Qərbin Cənubi Qafqaz regionunda yenidən gərginlik yaratma cəhdlərini Rusiyaya qarşı aparılan mübarizənin bir hissəsi kimi nəzərdən keçirə bilərik. Bunun üçün bütün əsaslar mövcuddur. Unutmayaq ki, regionda yaranan gərginlik elementlərini böyük geosiyasi mübarizələr şərtləndirir. Kollektiv Qərblə Rusiya Federasiyası arasında gedən mübarizə dünyanın müxtəlif coğrafiyalarında müşahidə olunmaqdadır. Qərbin Rusiyaya qarşı mübarizəsinin əsas taktikalarından biri Rusiya sərhədlərinin perimetri boyunca müxtəlif münaqişələrin yaradılmasıdır. Bu mənada Azərbaycanla Ermənistan arasında olan keçmiş münaqişə vəziyyəti imkan verirdi ki, regiondan kənardakı ölkələr bu coğrafiyada özlərinin mövcudluqlarını təmin edə bilsinlər. Azərbaycan münaqişəni həll etməklə Qərbin Cənubi Qafqaz regionuna müdaxilə imkanlarını aradan qaldırmış oldu. Ona görə də Qərb əvvəlki imkanlarını yenidən bərpa etməyə çalışır.
– ABŞ-İran-İsrail, Rusiya-Ermənistan-Qərb münasibətlərindəki ziddiyyətlər fonunda Qərblə Rusiya Cənubi Qafqazda nədə uzlaşa bilər?
– Əvvəla, Rusiya ilə Qərbin Cənubi Qafqazda maraqlarının uzlaşması ilə bağlı heç bir əlamət yoxdur. Əksinə, Rusiya ilə Qərbin maraqları regionda toqquşur. Çünki həm dünyada, həm də Cənubi Qafqazda geosiyasi vəziyyət başqadır. Rusiya çox gözəl dərk edir ki, qərb sərhədlərində gərgin vəziyyət yaranıb. Növbəti təhdid Cənubi Qafqaz regionu ilə bağlıdır. Ona görə də Rusiya öz təhlükəsizliyi üçün Cənubi Qafqaza ən vacib bölgə kimi baxır. Düşünür ki, bu bölgəyə Qərbin müdaxiləsinə heç bir halda imkan verilə bilməz. Reallıq bundan ibarətdir. 15-20 il bundan qabaq vəziyyət başqa idi. Müəyyən bir mərhələdə hər hansı bir məsələ ilə bağlı bu qütblərin oxşar, yaxud yaxın mövqeləri ola bilərdi. Bu gün vəziyyət köklü şəkildə dəyişib. Cənubi Qafqaz regionu ilə bağlı Rusiyanın yanaşması daha məqbuldur, nəinki Qərbin. Qərb regionda yeni bir cəbhə açmaq istəyir. Belə olan halda istər-istəməz region dövlətləri bundan əziyyət çəkəcəklər.
Məlumdur ki, Ermənistanla Rusiyanın birbaşa quru sərhədləri mövcud deyil. Yəni Ermənistanı cəbhəyə çevirəndən sonra Rusiya ilə ciddi gərginlik yaranacaq.
Fransa İrəvanı silahlandırır. Fransanın lisenziyası əsasında Hindistanda istehsal olunan silahlar Ermənistana göndərilir. Burada da Qərbin patronajlığı var. Eyni zamanda, ABŞ Konqresində də biz Azərbaycana qarşı çox sərt, açıq və əsassız ittihamlar gördük. Bütün bunlar onu göstərir ki, Qərb Ermənistandan Rusiyaya qarşı bir silah kimi istifadə etmək niyyətindədir. Bunun müqabilində isə Ermənistan Qərbdən Azərbaycana qarşı dəstək istəyəcəkdir. Bu gün Qərb Ermənistana təhlükəsizlik təminatları vermək istəyir. Amma bunu da əsaslandırmaq üçün Ermənistan vasitəsi ilə Azərbaycanı təxribata çəkmək niyyəti güdür.
– Sizcə, Brüsseldəki üçtərəfli görüşdə hansı məqamlar müzakirə edilib?
– Sual olunur: Qərbdən kim nə soruşdu ki, bunlar həmin görüşü yumşaltmağa məcbur qaldılar. Bu sual qoyulmadan belə Qərb israrla görüşün məqsədini izah edirdi. Deməli, məqsəd başqadır. Görüşdə tamam fərqli məsələlər müzakirə olunub. Həmin ərəfədə Avropa İttifaqının, ABŞ rəsmilərinin Azərbaycan Prezidentinə zəng etmələri onu göstərir ki, dövlət başçımızın nüfuzundan, iradəsindən çəkinirlər. Deməli, Azərbaycanın mövqeyi onlar üçün əhəmiyyətsiz deyil.
Kollektiv Qərb Ermənistandan özü üçün həyati vacib hesab etdiyi istiqamətdə, Rusiyaya qarşı istifadə edəcək. Əsas görünən tərəf bundan ibarətdir.
– Qərbin Ermənistana vəd etdiyi dəstəklə bağlı Gürcüstan, İran tranzit ölkə kimi əməkdaşlığa cəlb oluna bilərmi?
– Ermənistana vədlərin verilməsi hələ onların yerinə yetirilməsi deyil. Kollektiv Qərb artıq bir coğrafiyada müharibə aparır və əsas resurslarını o istiqamətə yönləndirib. Böyük miqyasda Ermənistana dəstək olmaq imkanları mövcud deyil. Hələ ki, bunun üçün siyasi əsaslar formalaşdırmağa çalışırlar. Qərb cəmiyyəti də məsələyə birmənalı yanaşmır. Müxtəlif ölkələrdə etiraz aksiyaları, iqtisadi geriləmələr var. Geosiyasi məqsədlər üçün əlavə olaraq Ermənistana dəstək verilməsi Qərb cəmiyyətində gərginlik toru yaradacaqdır. Ermənistanın geosiyasi mübarizədə alət kimi istifadə olunmasının ideya müəllifi ABŞ-dir. ABŞ İranla nüvə razılaşmasından da çıxdı. Ona görə də biz bu gün ABŞ-İran arasında hansısa gizli anlaşmaların olduğunu demək üçün ciddi əsaslara sahib deyilik. Qərb isə Ermənistan üzərindən ikinci bir cəbhə açacaqsa, regionun heç bir dövləti ortaya çıxacaq təhlükələrdən sığortalanmayıb. O cümlədən də İran…
– Brüssel görüşü ilə Azərbaycana hansı mesaj verildi və hansı cavabı aldılar?
– Qərbin mesajı həmişə bu olub ki, Azərbaycan onun geosiyasi ambisiyalarına uyğun mövqe sərgiləsin. Azərbaycan bu gün tam müstəqil, öz milli maraqları çərçivəsində davranan bir ölkədir. Bir qayda olaraq, kollektiv Qərb belə ölkələri qəbil etmir. Qərbə idarə olunan rejimlər lazımdır. Təsadüfi deyil ki, əlləri hara çatırsa, orada rəngli inqilablar törədir, özlərinə loyal olacaq siyasi qüvvələri hakimiyyətə gətirirlər. Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi də belə oldu. Paşinyan hakimiyyətə gətirilməmişdən əvvəl onun hərəkətinin adı “çıxış” idi – yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxş. Qərb istəyirdi ki, Ermənsitanı o platformalardan geri çəksin. Paşinyanın o düşüncədə olduğunu və həmin istiqamətə getmək istədiyini gördülər və onu hakimiyyətə gətirdilər.
– Azərbaycan belə bir geosiyasi gərginlik fonunda ona qarşı yönələn təsir və təzyiqlərə qarşı necə dayanır?
– Azərbaycan özünün mövqelərini qorumaq gücündədir və bunu edir. Digər region ölkələri ilə müqayisədə bizim mövqelərimiz ən yaxşıdır. Qərb deyir ki, gəl mənim cəbhəmdə ol, sənin vasitənlə başqasına qarşı mübarizə aparım. Bilirsiniz ki, Qərb hansı ölkəni öz yanına çəkirsə, ondan başqa ölkəyə qarşı istifadə edirsə, ortada qalan həmin ölkələr olur. Vaxtilə Borrel özü etiraf edirdi ki, biz Ukraynaya öz maraqlarımıza görə dəstək oluruq. Yəni bir ölkəni müharibə tərəfinə çevirdilər və onu öz maraqlarına görə dəstəklədikərini dedilər.